Məlumata görə, Qazaxıstanda KTMT sülhməramlı korpusunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Söhbət zamanı Qarabağ məsələsi ilə bağlı mövcud vəziyyət və üçtərəfli sazişlərin icrası müzakirə edilib.
Bu məsələ Qazaxıstan hadisələri fonunda bir qədər arxa plana keçsə də, Ermənistanın yanvarın 11-də sərhəddə təxribat törətməsi bunu gündəmə gətirdi. Ermənistan ordusu ilk öncə Azərbaycan ordusunun hərbi qulluqçusunu şəhid edib. Daha sonra Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Azərbaycan ordusu düşmənin layiqli cavabını verib. Rəsmi məlumata görə, 3 erməni hərbi qulluqçu zərərsizləşdirilib. Mətbuat isə bu rəqəmin daha çox olduğunu bildirir.
Vəziyyətin bu cür gərginləşməsinin siyasi tərəfi var, bunun nə olduğunu anlamaq lazımdır. Bu kontekstdə Paşinyan-Putin telefon danışığı və üçtərəfli razılaşmaların icrasının müzakirəsi maraq doğurur.
Ermənistan təxribat törətdiyinə və Rusiyanı hazırda ən mühüm geosiyasi gündəmlərdən yayındırdığına görə qiymət ödəyəcək. Eyni zamanda, ola bilsin ki, Ermənistan bu məsələdə alətdir.
Rusiya Qazaxıstanda “qalib” inamı ilə Qafqaz gündəminə “qayıdır”? Bu o deməkdirmi ki, Moskva Mərkəzi Asiya regionunda əldə etdiyi uğurdan yararlanmağa çalışır?
Belə olan halda Qazaxıstan “qalibiyyəti” Rusiya üçün kifayət etməyə bilər və onun Brüsseldə hansı ehtiyatları toplaya biləcəyi önəmli olacaq. Qeyd edək ki, Brüsseldə NATO və Rusiya arasında danışıqlar baş tutub və qarşılıqlı təhlükəsizlik təminatları məsələsi müzakirə olunub.
Asif Cəfərov
Ordu.az